Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən, İran İslam Respublikasının Elmi hövzələrinin rektoru Ayətullah Əlirza Ərafi İslam dünyasının alimlərinə ünvanladığı məktubda bildirib ki, bu müraciət hər şeydən əvvəl İslam ümmətinin alim və islahatçılarına yönəlib. Məqsəd, İslamın ortaq prinsiplərini o cümlədən insan həyatının toxunulmazlığı, təcavüzün qəbuledilməzliyi, əhdə sadiqlik və dialoqun əsaslığını müdafiə etməklə İslam ölkələrinin ardıcıl müharibə meydanına çevrilməsinin qarşısını almaqdır.
Məktubda deyilir:
Hörmətli alimlər və İslam dünyasının islahatçıları
بسم الله الرحمن الرحیم
«قال الله تعالی: إِنَّمَا یَخْشَی اللَّهَ مِنْ عِبَادِهِ الْعُلَمَاءُ»
Bağışlayan və mehriban Allahın adı ilə
Allahdan qulları arasında yalnız alimlər (layiqincə) qorxarlar. (Fatir surəsi 28)
İslam tarixi göstərir ki, ümmətin həyatının ən çətin, ən qaranlıq və ən böhranlı dövrlərində müsəlman cəmiyyətini çaşqınlıq və təşvişdən inkişaf və tərəqqiyə doğru yönəldə bilən ən mühüm qüvvə məhz həqiqi din alimləri olmuşdur. Onlar cəsarət, Qurani dərinlik, zamanın və insanın düzgün dərk olunması və Allah və bəndələr qarşısında məsuliyyət hissi ilə harada olsalar belə yol göstərmiş, nur saçan bir çıraq kimi istiqaməti aydınlaşdırmış və bəzən də xilaskar gəmi kimi çətinliklər içində olanları təhlükəsiz sahilə çatdırmışlar.
Bu gün də İslam dünyası müasir tarixinin ən mürəkkəb və gərgin mərhələlərindən birini yaşayır. Bir tərəfdən ümmət üçün izzətə, müstəqilliyə və sivilizasiya yüksəlişinə qayıdış üçün mühüm imkanlar yaranıb, digər tərəfdən isə bu vahid bədəni ciddi təhlükələr və böhranlar təhdid edir. Belə bir həssas mərhələdə alimlərin uzaqgörənliy, agahliq və cəsarəti gələcək yolu işıqlandıran əsas amil kimi ön planda durur və ümməti bu çətin mərhələdən keçirməyə qadirdir.
İnsanlığın taleyi, cəmiyyətlərin təhlükəsizliyi və sabitliyi, həmçinin elm, mədəniyyət və dinin inkişafı üçün azad və təhlükəsiz mühitin təmin olunması həmişə həqiqi din alimlərinin diqqət mərkəzində olub. Qurani-Kərimin məntiqində, Peyğəmbər (s) və hidayət rəhbərlərinin yolunda İslamın mahiyyəti sülh, təhlükəsizlik və insan ləyaqətinin qorunması üzərində qurulub. Bu sülh zəiflikdən deyil, hikmət, ədalət və məsuliyyət mövqeyindən irəli gəlir.
Tarixi təcrübə də göstərir ki, alimlər arasında birlik və konstruktiv əməkdaşlıq olduqda İslam dünyasında inkişaf və xalqlar arasında sağlam münasibətlər üçün zəmin yaranır. Əksinə, alimlər arasında parçalanma yarandıqda və dar düşüncəli baxışlar üstünlük təşkil etdikdə fitnə və qarşıdurmaların yaranması sürətlənir. Belə hallarda bəzən alimlər vahid ümmət baxışı ilə deyil, məhdud yanaşmalarla bir-birini qiymətləndirərək istəmədən ayrılıqları daha da dərinləşdirirlər.
İslam tarixinin şahidliyi göstərir ki, bütün İslam məzhəblərinə mənsub alimlər ümmətin birliyinin qorunmasında əvəzsiz rol oynamışlar. Bu rol nə müəyyən bir məzhəblə, nə də konkret coğrafiya ilə məhdudlaşmır. Əksinə, vahid bir həqiqətə, o cümlədən tək Allaha və son Peyğəmbərə iman fonunda yaxınlaşma və həmrəylik meylinə əsaslanır.
Bununla yanaşı, tarix boyu alimlər arasındakı münasibətləri siyasiləşdirmək və onları güc rəqabətinin meydanına çəkmək istiqamətində çoxsaylı cəhdlər göstərilmişdir. Bu cəhdlər bəzən İslam ümmətinin vəziyyətini mürəkkəbləşdirsə də, həlledici məqamlarda məhz alimlər öz bəsirətləri və tarixi məsuliyyət hissləri ilə böyük parçalanmaların qarşısını almışlar.
Şübhəsiz ki, İslam cəmiyyətlərinin taleyi digər amillərdən daha çox alimlərin bir-biri ilə və cəmiyyətlə münasibətlərinin necə qurulmasından asılıdır. Əgər bu münasibətlər hikmət və sivilizasion baxış əsasında formalaşarsa, yeni ümid və həmrəylik üfüqləri açılar. Əks halda, Allah eləməsin anlaşılmazlıqlar və xarici təhriklər fonunda bu əlaqələr zədələnərsə, böyük müdaxilə və böhranlara yol açılar.
Bu gün də İslam dünyasının düşmənlərinin tanınmış strategiyalarından biri müsəlman alimləri məhdud məzhəb çərçivələrinə salmaq və firqəvi həssaslıqları qabartmaqla ümmətçilik ruhunu zəiflətməkdir. Onlar yaxşı bilirlər ki, müsəlman alim geniş İslam dünyası perspektivindən yanaşdıqda, insanlığın və ümmətin həqiqi düşmənlərini düzgün müəyyən edə bilər. Məhz bu hal onların istəmədiyi nəticədir.
Bəlkə də partlayışların doğurduğu müharibə və dağıntılar fonunda, xüsusilə Minabda şəhərinin tam orta məktəbində qız uşaqlarının zərif bədənlərinin torpaq və qan içində parçalandığı bir vaxtda İran İslam İnqilabının tarixindən bəhs etmək ilk baxışda uyğun görünməyə bilər. Lakin reallıq budur ki, bu gün baş verən hadisələrin bir çoxunu həmin inqilabın mahiyyətini nəzərə almadan anlamaq mümkün deyil.
İran İslam İnqilabı, Şərq və Qərbdə bir sıra görkəmli ictimai mütəfəkkirlərin də vurğuladığı kimi, yalnız siyasi və ya müəyyən bir məzhəblə məhdudlaşan hadisə olmayıb. Əksinə, etnik, firqə və məzhəb sərhədlərini aşan geniş üfüqlü, həmçinin insani və islami bir hadisə kimi dəyərləndirilir. Bu inqilab din, izzət, müstəqillik və inkişaf arasında əlaqənin mümkünlüyünü yenidən göstərməyi hədəfləmiş, müsəlmanlara xatırlatmışdır ki, hegemon sistemlərə qarşı dayanmaqla yanaşı, dini kimlik və insan ləyaqətini qorumaq mümkündür.
Son 40 ildən artıq müddətdə İran İslam Respublikası ona çoxsaylı müharibələrin zorla qəbul etdirilməsinə baxmayaraq nə müharibəyə başlayıb, nə də öz təşəbbüsü ilə hər hansı ölkə ilə hərbi qarşıdurmaya daxil olub. Bu kontekstdə əsas məsələ İran siyasətinin mahiyyətidir: Müharibədən yayınmaq və mübahisələrin həllində dialoq və diplomatik yolları üstün tutmaq istiqamətində ardıcıl səylər.
İnqilabdan sonrakı ilk illərdə İrana səkkizillik müharibə zorla qəbul etdirildi. Bu müharibə İslam Respublikasının yeni qurulduğu ən çətin dövrdə başladı. Həmin illərdə bəzi regional ölkələr və qlobal güclər maliyyə, hərbi və siyasi dəstəklə qarşı tərəfin yanında yer aldılar və nəticədə iki müsəlman xalqı üçün ağır insan və maddi itkilər baş verdi.
Bununla belə, İran müharibədən sonra qisas almaq və ya ağır təzminatlar tələb etmək əvəzinə, İslam dünyasının şərtlərinin dərk olunmasına və rasional yanaşmaya ümid edərək bir çox tələblərindən imtina etdi və təmkin və dözümlülük yolunu seçdi.
Bu yanaşmaya baxmayaraq, sonrakı illərdə İranın İslam dünyasındakı imicini zədələmək üçün geniş kampaniyalar aparıldı. Ayrıseçkilik və azdırma ritorikası yayıldı və bəzi hallarda regionda məqsədlərin həyata keçirilməsi üçün sionist rejim və ABŞ ilə əməkdaşlıqlar formalaşdı. Bu proses çərçivəsində regionun müəyyən hissələri sionist rejimlə strateji yaxınlaşma məkanına çevrildi və İranın cənub sərhədləri tədricən ABŞ-ın geniş hərbi bazalarının yerləşdiyi əraziyə çevrildi.
Nəhayət, son aylarda bu proses yeni mərhələyə qədəm qoydu. Təxminən bir aydır ki, ABŞ və İsrail rejimi tərəfindən, bəzi digər dövlətlərin dəstəyi ilə İran dövləti və xalqına qarşı açıq təcavüz və zorla qəbul etdirilmiş müharibə başlanıb. Bu hücumlar nəticəsində minlərlə günahsız qadın, kişi və uşaq şəhid olub, eyni zamanda bir sıra komandirlər, məsul şəxslər və onların başında duran böyük dini mərcə və İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri həzrət Ayətullah üzma Seyid Əli Xamenei də şəhid edilib.
Bu hücumlar zamanı altmış mindən çox yaşayış evi, yüzlərlə elmi, tibbi və sosial mərkəz, onlarla zavod və ölkənin enerji, sənaye və kommunikasiya infrastrukturunun bir hissəsi zərər görüb və ya tamamilə dağıdılıb. Bu miqyaslı dağıntı yalnız məhdud hərbi əməliyyat deyil, həm də bütün regiona təsir göstərən açıq şəkildə insani və sivilizasion ölçülərə malik müharibənin nümunəsidir.
Belə bir hadisə fonunda təəssüf doğuran məqam ondan ibarətdir ki, bəzi dövlətlər qonşuluq və İslam qardaşlığı iddialarına baxmayaraq, öz torpaqlarını, hava məkanını və regional sularını bu hücumu həyata keçirən qüvvələrin ixtiyarına veriblər. Bununla belə, İran İslam Respublikası bəyan edib ki, region ölkələrini qardaş və qonşu hesab edir və cavab tədbirlərini yalnız İran əleyhinə hərbi əməliyyatların həyata keçirildiyi bazalara yönəldəcək. Bu cavab isə legitim müdafiə hüququ çərçivəsində qiymətləndirilir.
Bu gün baş verənlər təkcə hərbi qarşıdurma deyil. Bu, İslam dünyasının gələcəyinə və xalqlar arasındakı münasibətlərin etik əsaslarına təsir göstərə biləcək bir hadisədir. Əgər beynəlxalq sistemdə belə bir presedent formalaşarsa ki, danışıqların ortasında bir ölkəyə hücum etmək mümkündür, o zaman heç bir müstəqil xalq inamla danışıqlar masasına əyləşməyəcək.
Belə bir şəraitdə İslam dünyasında din alimlərinin rolu daha böyük əhəmiyyət kəsb edir. Onlar tarix boyu ümmətin mənəvi vicdanının qoruyucuları olmuş və həlledici məqamlarda aydın sözləri ilə bir çox böhranların istiqamətini dəyişə bilmişlər.
Bu gün əsas sual budur: İslam dünyası müsəlman xalqlarının müstəqilliyini zəiflədən proseslər qarşısında biganə qala bilərmi? İslam ölkələrinin qlobal güclərin rəqabət meydanına çevrilməsi qarşısında susmaq mümkündürmü?
Şübhəsiz ki, Qurani-Kərim müsəlmanları izzətə, birliyə və zəifliyə yol verməməyə çağırır:
«وَلَا تَهِنُوا وَلَا تَحْزَنُوا وَأَنتُمُ الأَعْلَوْنَ إِن کُنتُم مُّؤْمِنِینَ»
Ruhdan düşməyin və kədərlənməyin! Əgər inanırsınızsa, üstün olan sizsiniz! (Bu ayə müsəlmanların Ühüd döyüşündəki məğlubiyyətlərindən sonra onların ümidsizliyə düşməmələri üçün bir xəbərdarlıq mahiyyətində olub, güclü bir imanla gələcəkdə çoxlu zəfərlər əldə edə biləcəklərini bildirir.) (Ali İmran surəsi, 139-cu ayə)
Bu ilahi çağırışın reallaşması bu gün hər zamankından daha çox müsəlman alimlərin bəsirətinə, cəsarətinə və həmrəyliyinə bağlıdır.
Məhz buna görə bu məktub ilk növbədə İslam ümmətinin alim və islahatçılarına ünvanlanır. Buna görə ki, İslam dininin ortaq prinsiplərini o cümlədən, insan həyatının toxunulmazlığı, təcavüzün qəbuledilməzliyi, əhdə sadiqlik və dialoqun zəruriliyini müdafiə edərək İslam torpaqlarının ardıcıl müharibə meydanına çevrilməsinin qarşısını alasınız.
Şübhəsiz ki, tarix bu çətin günlərdə hər birimizin mövqeyini və davranışını qiymətləndirəcək. Gələcək nəsillər soruşacaq ki, din alimləri bu həssas məqamda nə etdilər? Belə bir şəraitdə onlar ikinci dərəcəli ixtilaflarla məşğul oldular, yoxsa İslam ümmətinin ləyaqətini qorumaq üçün meydan oxudular?
Ümid edilir ki, İslam alimlərinin hikmət və həmrəylik səsi yenidən ucalacaq və elə bir yol açılacaq ki, burada müharibəni dialoq, qarşıdurmanı isə həmrəylik əvəz edəcək.
Sonda, İslam alimlərinin məsuliyyət hissinin ümmət üçün yeni bir üfüq açacağı ümidi ilə, sizlərin hər birinizə qardaşlıq və dialoq əli uzadırıq və ümid edirik ki, ortaq düşüncə və həmrəylik sayəsində insan əzablarının azaldılması, xalqların təhlükəsizliyinin qorunması və İslam dünyasının izzətinin gücləndirilməsi istiqamətində addımlar atılacaq.
Allahın rəhmət və bərəkəti üzərinizə olsun.
Rəyiniz